Ordubad Rayon Şahmat Məktəbinin yeni binası istifadəyə verildi

Ordubad Rayon Şahmat Məktəbinin yeni binası istifadəyə verildi Ordubad xəbərlər - www.ordubadli.az      Tarix: 28/08/2011 Açılış mərasimində çıxış edən məktəbin direktoru İsrafil Məmmədov bu gün muxtar respublikada təhsil və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmiş, Ordubad rayonunda uşaq və gənclərin sağlamlığı, onların intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad Rayon Şahmat Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini, şagirdləri təbrik edərək demişdir: Ordubad Şahmat Məktəbi ötən əsrin 70-ci illərində ulu öndərimizin Azərbaycanda şahmat məktəbləri şəbəkəsinin yaradılmasına göstədiyi diqqət nəticəsində həyata vəsiqə almışdır. 1983-cü ildən fəaliyyət göstərən Ordubad Rayon Şahmat Məktəbi ötən müddətdə müxtəlif uyğunlaşdırılmış binalarda yerləşdirilmiş, heç vaxt ayrıca binası, bu cür yüksək şəraiti olmamışdır. Bu gün şahmat məktəbi üçün yaradılmış şərait ulu öndərimizin siyasətinin Azərbaycanda uğurla davam etdirilməsinin nəticəsidir. 1969-cu ilin 14 iyulundan başlanan Heydər Əliyev siyasəti Azərbaycanın inkişafına, xalqımızın rifahına xidmət etmişdir. Bu siyasət, quruculuq xətti mövcud olmasaydı, belə gözəl məktəbin tikilməsi də mümkün ola bilməzdi.

Ali Məclisin Sədri Ordubad Rayon Şahmat Məktəbinin muxtar respublikanın öncül şahmat məktəblərindən biri olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu məktəb öz ətrafında 23 müəllim və 400-dən yuxarı şagirdi birləşdirir. Muxtar respublikamızda keçirilən şahmat yarışlarında məktəb fəal iştirak edir, yaxşı nəticələr qazanır. Bu onu deməyə əsas verir ki, burada keçirilən dərslərə ciddi vikir verilir və Ordubad rayonunda uşaqlar və gənclər şahmata maraq göstərirlər. Ona görə də burada yeni məktəb binasının tikilməsi zərurətə çevrildiyindən 2011-ci ilin fevral ayından yeni binanın inşasına başlanıldı.

Ali Məclisin Sədri məktəbin şagirdlərinə asudə vaxtlarını səmərəli keçirməyi, şahmatı dərindən öyrənməyi tövsiyə etmişdir. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikanın hər bir rayonunda şahmat məktəbləri, Naxçıvan şəhərində müasir tələblərə cavab verən böyük Şahmat Mərkəzi fəaliyyət göstərir. Bu il Naxçıvan Şahmat Mərkəzində keçirilən “Naxçıvan Open-2011” Beynəlxalq Şahmat festivalında muxtar respublika şahmatçılarının gözləniləndən yüksək nəticə göstərməsi bizi əmin etdi ki, gələcəkdə də Naxçıvanda qrossmeysterlər, şahmat ustaları yetişəcək. Bütün bu tədbirlər isə ilk növbədə gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün hörmətli Prezidentimiz də şahmatın inkişafına xüsusi qayğı göstərir, Azərbaycanın bütün bölgələrində idman inkişaf etdirilir. Muxtar respublikamızda ayrı-ayrı idman növləri üzrə federasiyalar yaradılıb, onların fəaliyyəti üçün lazımi şərait mövcuddur. Şahmat federasiyası da onlardan biridir. Federasiya Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birlikdə öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır.

Ali Məclisin Sədri əmin olduğunu bildirmişdir ki, həm Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, həm də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi muxtar respublikada şahmatın inkişafı sahəsində ciddi dönüş yaradacaqlar.

Açılışı bildirən rəzmi lent kəsilmiş, binaya baxış keçirilmişdir.

Müasir memarlıq üsulubunda inşa olunan bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə müəllimlər otağı, 3 sinif və 1 kompyuter otağı yerləşir. Kompyuter sinifində lazımi şərait yaradılmış, 7 dəst müasir kompyuter qoyulmuş, onların internetə çıxışı təmin edilmişdir.

Zirzəmi qatında 5 sinif otağı, qarderob və fərdi qazanxana yerləşir.

Direktor və hakim otaqları, geniş və işıqlı yarış zalı binanın ikinci mərtəbəsindədir. Sinif otaqlarında, yarış zalında hər cür şərait yaradılmış, mebel dəstləri və tədris ləvazimatları qoyulmuşdur. Sinif otaqlarında dərslərin keyfiyyətini yüksəltmək üçün maqnitli lövhələr quraşdırılmışdır. Yeni binanın inşası yeniyetmə və gənclərin şahmata olan marağının daha da artırılması ilə yanaşı rayonda şahmatın ciddi intellektual yarış vasitəsi kimi kütləvi xarakter almasına səbəb olacaqdır. Hazırda şahmat məktəbində 213 oğlan, 200 qız şahmatın sirlərini öyrənir. Məktəbin müəllimlərindən 10 nəfəri kəndlərdə yaradılmış qruplarda məşğələ aparır. Rayon mərkəzində olan 16 qrupda 172 nəfər, kəndlərdə yaradılmış 18 qrupda isə 241 nəfər şagird şahmatla məşğul olur. Məktəbin şagirdləri muxtar respublikada və ölkə miqyaslı yarışlarda uğurlu nəticələr əldə edirlər.

Müəllim Səkinə Tağıyeva, rayon ziyalısı Qürbət Rzayev, şahmatçı Fəridə Ələsgərova son illər Ordubad rayonunun böyük quruculuq və inkişaf yolu keçdiyini, dövlətimizin qayğısı ilə bütün sahələrdə dinamik inkişafa nail olduğunu bildirmiş, bu qayğıdan uşaq, yeniyetmə və gənclərə də xeyli pay düşdüyünü vurğulamışlar.

Ali Məclisin Sədri bundan sonra da muxtar respublikamızda şahmatın inkişafı üçün lazımi qayğının göstəriləcəyini bildirmiş, rus dilində şahmat ədəbiyyatlarının tərcümə və nəşr olunması, muxtar respublikamızın rayon şahmat məktəblərinin müəllimləri arasında yarışların təşkil edilməsi, qurulanların, yaradılanların qorunması barədə tapşırıqlar vermişdir.

Şahmat məktəbinin həyətində geniş abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmiş, oturacaqlar qoyulmuşdur.

Xəbəri hazırladı Polad Tağıoğlu...