Gənzə orta məktəbinin açılışı olub

Gənzə orta məktəbinin açılışı olub Ordubad xəbərlər - www.ordubadli.az      Tarix: 19/01/2012
Ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilə, elmə davamlı qayğı göstərir. Gənzə kənd tam orta məktəbinin yeni binası göstərilən bu qayğının nəticəsində istifadəyə verilir.


306 yerlik binada 17 sinif otağı, kimya, biologiya, fizika və hərbi kabinələr, 2 elektron lövhəli sinif, kompyuter otağı, müəllimlər otağı, kitabxana və idman zalı vardır. Perspektivlər nəzərə alınaraq inşa olunan məktəbdə 196 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. 2011-ci ildə məktəbi 15 nəfər bitirmiş, onlardan 7-si ali məktəblərə qəbul üçün sənəd vermişdir. Sənəd verən məzunlardan 4-ü tələbə adını qazanmışdır. Məktəbin 1 şagirdi IX sinif təhsil bazasından Naxçıvan Musiqi Kollecinə qəbul olunmuşdur.
Müdriklərin “Bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər salmalısan” fikrini xatırladan Ali Məclisin sədri demişdir ki, milli mənəvi dəyərlərə sahib təhsilli gəncliyi olan ölkənin gələcəyi parlaq olur. Bu dəyərlərə sahib olan gənclik isə məktəblərdə hazırlanır. Ona görə də ölkəmizdə təhsilə qayğı göstərilir, məktəb binalarının tikintisi genişləndirilir, müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılır, onların çəkdikləri zəhmət daim yüksək qiymətləndirilir.
“Blokada şəraitində yaşayan Naxçıvanda təhsil sahəsində həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, dövlətimiz tərəfindən bu sahəyə göstərilən qayğı tükənməzdir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, yaradılan şəraitin müqabilində məktəblərimizdə təhsilli, vətənpərvər, müasir dünyagörüşə malik gənclər yetişdirilməlidir. Şagirdləri ölkəmizin gələcəyi üçün əsl vətəndaş kimi hazırlamaq müəllimlərin qarşısında duran əsas vəzifədir. Müasir tədris vasitələri ilə təmin olunan məktəblərdə elmin sirlərinə dərindən yiyələnən hər bir şagird dünyanın istənilən universitetində ali təhsilini davam etdirə bilər. Buna görə isə daim çalışmaq, mütaliə etmək lazımdır.
Ali Məclisin sədri pedaqoji kollektivin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, məktəbin muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından biri olacağına əminliyini bildirmiş, bu yolda müəllim və şagirdlərə uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur. Sonda kimya və biologiya ixtisasları üzrə müəllimlərin təkmilləşdirmə kurslarına cəlb olunması, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, tikilənlərin, qurulanların qorunub saxlanılması barədə tapşırıqlar verilmişdir.
...