Azərbaycanın bayrağını Misirdə dalğalandıran Ordubadlı

Azərbaycanın bayrağını Misirdə dalğalandıran Ordubadlı Ordubad xəbərlər - www.ordubadli.az      Tarix: 28/08/2011

Vətən sevgisi...

“Uşaqlar bizim gələcəyimizdir...”

Heydər Əliyev

Afrika qitəsində yerləşən Misir Ərəb Respublikasında çap edilmiş qəzeti səhifələməyə başladım. Muzeyin əməkdaşının qəzetdə şəkli verilmiş balaca qız barədə dedikləri mənim sevincimə böyük qürur hissi də əlavə etdi. Milli geyimimizdə olan bu qız bizim Ordubadlı balamız Rübabə idi. Mən böyük maraqla Rübabəni axtarmağa başladım.
Təsadüf elə gətirdi ki, onun hal hazırda Ordubadda olduğunu öyrəndim və ondan qısa müsahibə götürdüm.

- Rübabə, necə oldu ki, sənin Misirdə ərəb dilində nəşr olunan qəzetdə şəklin çap edildi?

- Misirdə milli geyimlərin nümayişi üzrə beynəlxalq uşaq festivalı və müsabiqəsi keçirilirdi və mən də Azərbaycanımızı təmsil etmək üçün bu tədbirə qatılmışdım. Tədbirdə iştirak edən onlarla ölkələrdən gəlmiş yüzə yaxın uşaqlar arasında Şri Lanka nümayəndəsi ilə final mərhələsinə çıxmışdım. Finalda fəal iştirakıma görə münsiflər heyətinin qərarı ilə mən müsabiqənin qalibi seçildim və Azərbaycanımızın bayrağını Misirdə dalğalandırdım. Bundan sonra Misirin televiziya kanalları, qəzetlər ölkəmizlə maraqlanaraq mənə suallar verirdilər və mən bildiyim qədər onlara gözəl vətənimiz barədə məlumatlar verirdim.

- Ərəb dilini bilirsən?

- Ərəb dilini az bilirəm, amma atamın diplomatik xidmətlə bağlı Misirə uzunmüddətli ezamiyyəti müddətində mən birinci sinfə Qahirədəki İrlandiya məktəbində başlamışam və dörd il müddətində ingilis, fransız dillərini öyrənmişəm. Hazırda tanınmış pedaqoq Sara xanımın rəhbərlik etdiyi Bakıdakı qabaqcıl məktəblərdən biri olan 134 saylı məktəbdə təhsilimi davam etdirirəm.

- Misirdə olduğun müddətdə əcnəbi sinif yoldaşlarının arasında sənə çətin deyildi ki, darıxmırdın Azərbaycan üçün?

- Mənimlə bir sinifdə Yaponiya, Meksika, Avstriya, Türkiyə, ABŞ və digər ölkələrdən uşaqlar oxuyurdu. Çox maraqlı idi, hər kəs öz ölkəsi haqqında danışırdı. Mən də bildiyim qədər Azərbaycanımız haqqında danışır, vətənimizin xüsusi gözəl yerlərinin şəkillərini onlara göstərirdim. İndi həmin sinif yoldaşlarım öz ölkələrindədirlər və biz elektron yazışma vasitəsilə əlaqə saxlayırıq.

- Yay tətilində Ordubada gəlməyin yəqin ki, ata yurdunu çox sevməyinlə bağlıdır...

- Bəli, mən Ordubadı çox sevirəm və hər il bura gəldiyimdə buranın necə gözəlləşdiyini görəndə sevinirəm. Yeni-yeni tikililər, qədim abidələrin qorunub saxlanılması üçün görülən işlər, bizim həyətimizdə olan Hacı Yusif çeşməsi də daxil olmaqla bütün çeşmələrin təmizlənməsi, istirahət parklarının salınması Ordubada olan qayğının göstəricisidir. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif müəllimə böyük təşəkkürümü bildirirəm. Vasif müəllimin rəhbərliyi ilə görülən işlər və Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” sözləri biz uşaqları Vətənimizi daha ürəkdən sevməyə, onu ölkəmizdən kənarlarda təbliğ etməyə ruhlandırır. Mən bu dəfə Ordubadda olduğum müddətdə bir sıra qədim yerlərin şəkillərini çəkmişəm. Həmin şəkilləri xarici ölkələrdəki dostlarıma göndərməyi düşünürəm. Yadımdadır, Misirdə olduğum müddətdə orda nəşr olunan ərəb dilindəki “Azərbaycan” qəzetində Naxçıvan Muxtar Respublikası barədə çox geniş bir məqalə çap edilmişdir. Həmin məqalədə yerləşdirilmiş Naxçıvandakı abidələr, xüsusilə İslam abidələri misirlilərin böyük maraqlarına və təəccüblərinə səbəb olmuşdur. Misirlilər “Əshabul Kəhf”-in Naxçıvanda olduğunu biləndə vətənimizə gəlmək istədiklərini dəfələrlə bildirirdilər.

- Rübabə, böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən?

- Mən hansı peşənin sahibi olacağımdan asılı olmayaraq ilk növbədə, atamın dediyi kimi Vətənimə layiqli, Ulu Öndərimizə sadiq övlad olmağa çalışıram. Eyni zamanda xarici dil bildiyimə görə, çox istərdim ki, Avropanın aparıcı universitetlərindən olan Oksford, Kembric kimi ali məktəblərində təhsil alım. Bu istək həm də xaricdə ingilis dilində məqalələr hazırlamaqla, beynəlxalq tədbirlərdə iştirak etməklə Naxçıvanımızı, ümumiyyətlə Azərbaycanımızı təbliğ etmək niyyətlərimlə bağlıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin və ölkəmizin birinci xanımı, Misirə gəlişində onun səfirliyimizdə qarşılanmasında iştirak edib gül dəstəsi verdiyim və çox sevdiyim Mehriban xanımın təhsilə və uşaqlara qayğısına ümid edərək bu arzumun həyata keçəcəyinə inanıram.

- Rübabə, sənə qarşına qoyduğun məqsədlərə çatmağı və yeni-yeni uğurlar əldə etməyi arzu edirəm...

- Çox sağ olun, mən də sizə və sizin qəzetin rəhbərliyinə təşəkkür edirəm.



Vətənimizin gələcəyi üçün Rübabə kimi uşaqların böyüdüyünü görəndə, yenə də Ulu Öndərimizin sözləri yadıma düşür:
“Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!...”

Xəbəri hazırladı Polad Tağıoğlu...