Milli park

Akademik H.Əliyev adına Ordubad Milli Parkı . . .

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 №li Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir.

Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.
Ordubad Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Ordubad Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir.
Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Ordubad Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var. Aşınmış süxurlar çox geniş yayılmışdır. Soyuq dağda qədim buzlaq relyefi azalır və relyeflərin alçalması ilə əlaqədar olaraq yox dərəcəsinə çatır.

Ordubad Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-10C0-dək, iyulda 10-25C0-dəkdir. İllik yağıntı 300-800 mm-dir. Rayonun su şəbəkəsi Gilançay, Vənənçay, Ordubad çaylarıdır. İranla sərhəd boyu Araz çayı axır. Ərazinin torpaq örtüyü müxtəlifdir. Əsasən boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır.

Ordubad Milli Parkının su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Ordubad rayonunun ərazisində çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürürlər. Başlanğıcını Göy-göldən götürən Sağarsu çayı Gilançaya tökülür.