“Ordubad Azərbaycanın incisidir”
“Ordubad Azərbaycanın incisidir” Ordubad xəbərlər - www.ordubadli.az
Tarix: 19/01/2012
28 yaşında nazirliyin baş müsahibinin müavini, təftiş və nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib. Sonra Maddi Texniki Təhcizat Komitəsində Təftiş İdarəsinin rəisi vəzifəsində çalışıb. 1985-2001-ci illərdə Yanacaq Komitəsində idarə rəisi vəzifəsində çalışıb. 2001-2008-ci illərdə bizneslə məşğul olub. 2008-ci ildə təqaüdə çıxıb. Hazırda Nəsrəddin Tusi adına Ordubad Cəmiyyətinin sədridir.
-Ramiz müəllim, necə oldu ki, siz N. Tusi adına Ordubad Cəmiyyətinin sədri seçildiniz?
- Yoldaşlarım məndən xahiş etdilər ki, cəmiyyətimizin sədri Babaxan Muradovun səhhətində problemlər yaranıb, işi apara bilmir. Məni cəmiyyətə sədr seçmək niyyətləri olduğunu dedilər. Beləliklə də, dörd il bundan əvvəl məni Tusi adına Xeyriyəçilik Cəmiyyətinin sədri seçdilər. İndiyə qədər işləyirik. Əsas məqsədimiz cəmiyyətin fəaliyyətini aktivləşdirməkdən ibarətdir.
- N. Tusi adına Xeyriyəçilik cəmiyyəti hansı səbəbdən Ordubad Cəmiyyəti kimi tanınır?
- Əvvəla onu deyim ki, bizim cəmiyyətin adı Tusi adına Xeyiriyəçilik Cəmiyyətidir. Ancaq çox adam buna Ordubad cəmiyyəti deyir. Həm də birmənalı söyləmək olmaz ki, bura ancaq ordubadlılara aiddir. Ümumiyyətlə bu bir xeyriyəçilik cəmiyyətidir. Bu cəmiyyəti yaradanlar, ideyanı irəli sürənlər ordubadlılar olub. Bu səbəbdən də, əhalinin çoxu bizim cəmiyyəti Ordubad Cəmiyyəti adlandırırlar.
- Cəmiyyətiniz neçənci ildə yaranıb?
- 1989-cu ildə bu cəmiyyət yaradılıb. Onu bildirim ki, cəmiyyətimiz 1989-cu ildən 2006-cı ilə qədər zəif fəaliyyəti olub. 2005-ci ildə Babaxan Muradov cəmiyyətin sədri seçilib. Bu dövrdə cəmiyyətin fəaliyyətində aktivlik müşahidə edilib, tədbirlər keçirilib. 2008-ci ildən sonra isə cəmiyyətə mən sədr təyin edilmişəm.
- Sizin cəmiyyətin üzvlərinin sayı nə qədərdir, onlar kimlərdir, strukturlaşma hansı prinsiplər əsasında aparılır?
-Bir var cəmiyyətimizin üzvləri, bir də var İdarə Heyyəti. Cəmiyyətimizin beş min nəfərə qədər üzvü var. Üzvlərimizin əsas borclarından biri cəmiyyətə üzüvlük haqqı ödəmək, tədbirlərdə aktiv iştirak etmək, müsbət təşəbbüslərlə çıxış etməkdir. Hökm deyil ki, üzvlərimiz ancaq yardım almaq üçün bizə müraciət etsin. İşlə əlqədar, biznes təklifləri də edilə bilər. Bu yaxınlarda Ordubaddan bizə təklif olundu ki, çeşmələrin təmiri ilə əlaqədar ora maliyyə dəstəyi göstərək. Biz də çeşmələrin təmiri üçün ora 4 min manat vəsait göndərdik. Bu pulun 2 min manatı cəmiyyətin hesabına, 2 min manatını isə mənimlə bəzi yoldaşlarım topladıq. Sonra biz Ordubada getdik gördük ki, çeşmələr əla təmir edilib.
- Üzvləriniz ancaq ordubadlılardan ibarətdir, yoxsa başqa regionlardan olanları da var?
-Üzvlərimizin 90 faizi ordubadlıdır.
- Cəmiyyətin idarə olunması, təşkilatlanma institutu necə formalaşdırılıb?
- Cəmiyyətimizin dörd ildən bir konfransı keçirilir. Konfrans bizdə ali orqandır. Konfransda əsasən görülən işlər, görülməli olan işlərlə bağlı hesabat verilir. Konfransda cəmiyyətin 24 nəfərdən ibarət İdarə Heyyəti seçilir. Sonra İdarə Heyətinin üzvləri öz aralarında sədri seçirlər. Eyni zamanda 9 nəfərdən ibarət Ağsaqqallar Şurası seçilir və onlar bir növ məsləhətverici qurum kimi fəaliyyət göstərirlər. Həmçinin 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası seçilir. Bizdə idarəçilik bu prinsip əsasında fəaliyyət göstərir.
- Cəmiyyətinin əsas fəaliyyət istiqamətiləri nədən ibarətdir?
- Açığını deyim ki, bizim fəaliyyət istiqamətimiz genişdir. Əla planlarımız var. İstəyirdik ki, Ordubadda iş yerləri yaradaq. Bu məqsədlə mən Naxçıvana getdim. Ali Məclisin sədrinin tapşırığı ilə bizi yüksək səviyyədə qarşıladılar. İqtisadiyyat Komitəsində müzakirələr apardıq. Bizə dedilər ki, 20 hektar torpaq təqdim edə bilərlər. Biz də öz istəyimizdən asılı olaraq burada bağçılıq, kənd təsərrüfatı, arıçılıq işləri həyata keçirə bilərik. Həmçinin bildirdilər ki, istehsalat işləri görməyimiz üçün də müəyyən təklifləri var. Belə ki, Muxtar Respublikada Dəri Emalı, Şüşə və ya Konservi zavodları tikə bilərik. Açığı, mən ora getməzdən öncə, burada bəzi yoldaşlar demişdilər ki, maddi cəhətdən problemlər yaranmayacaq. Ancaq bu təklifləri qəbul edib Bakıya qayıtdıqdan sonra maliyyə məsələsində problem yarandı. Əslində isə bu maliyyə cəmiyyətə lazım deyildi. Sadəcə olaraq həmin vəsaiti qoyacaqdılar istehsal sahəsinə və bir neçə ildən sonra götürəcəkdi. Yəni heç nə bağışlanmayacaqdı. Beləliklə də, bu istəyimiz baş tutmadı. Amma yenə də, əla planlarımız var, ancaq maliyyə sarıdan problemlərdə var.
- Vəziyyətdən çıxmaq və qarşıya qoyulan məqsədi həyata keçirmək üçün alternativ addımlar atmaq imkanları varmı?
- Bəli, müəyyən təkliflərimiz var. Bu yaxınlarda cəmiyyətimizin konfransı keçiriləcək. Biz təklif edəcəyik ki, cəmiyyətin üzvü olan hər bir ailə başçısı ayda 5 manat olmaqla ildə 50 manat bizim hesabımıza üzvülük haqqı köçürsünlər. Bunu həyata keçirə bilsək normal vəsait alınacaq. Biz də bu vəsaiti hesabda yatırtmayacağıq. Əksinə, biznes formasına çevirəcəyik. İmkansız ailələrdə hüzr düşənlərə yardım edəcəyik, imkansız amma savadlı və cəmiyyətə lazımlı gənclərin təhsilinə yönəldəcəyik. Gələcəklə bağlı belə layihələrimiz var. Biz ciddi işləməliyik. İldə bir dəfə Novruz Bayramı keçirməklə fəaliyyət olmaz. Bu il 2 nəfərin gözündə ağır əməliyyat olmalı idi. Onların İrana gedib əməliyyat olunması 5 min dollara başa gələcəkdi. Ancaq vəsait tapa bilmədilər. Məndə şəxsi münasibətlərdən istifadə edərək professor Cəlilulla həkimə çıxıb xahiş etdim ki, bu problemi həll etsin. O da, bizə müraciət edən hər iki şəxsin gözündə əməliyyat apardı. Demək istəyirəm ki, şəxsi tanışlıqla 2-3 nəfəri əməliyyat etdirib cəmiyyətin işini aparmaq olmaz. Çünki mən cəmiyyətin sədri olmasam da, bu əməliyyatları etdirə bilərdim. Cəmiyyətin daha böyük, görsənəcək işlərlə məşğul olmalıdır. Hələlik biz bunu edə bilmirik, çünki çatışmamazlıqlar var.
- Sizin maliyyə qaynaqlarınız necə formalaşdırılır?
- Bizdə ancaq üzvülük haqqıdır. Əgər biz üzvlük haqqı hesabına ilkin maliyyə mənbəyi formalaşdıra bilsək, bundan da qaynaqları yaradacağıq. Yəni bu maliyyəni müəyyən istehsal sahələrinə yönəldəcəyik ki, bizə daimi mənfəət versin.
- Əslən ordubadlı olan və hazırda həm respublikada, həm də xaricdə çoxlu sayda iş adamları var. Onlardan ianə formasında maliyyə toplayıb layihələr həyata keçirmək olmazmı?
- Belə iş adamları var. Ancaq biz onlara deyə bilmərik ki, cəmiyyətə pul köçürün iş görək. Hesab edirəm ki, üzvülük haqqından ilkin maliyyə mənbəyi formalaşdıra bilsəm, siz dediyiniz iş adamlarına başqa formada yanaşacağam. Deyəcəyəm sən iş görürsən, mənim də bu qədər vəsaitim var. Bu vəsaitlə iş gör və cəmiyyətə də xeyr ver.
- Sizin cəmiyyətin adı niyə məhz Nəsrəddin Tusi adına cəmiyyətdir?
- Çünki Nəsrəddin Tusi dünya miqyasında tanınmış alimdir. Onu dünyanın hər bir nöqtəsində tanıyırlar. Dünya elminə əhəmiyyətli yeniliklər gətirib. Nəsrəddin Tusi həm də ordubadlıdır. Bu mənada cəmiyyətimizin onun adına olması təəccüb yarada bilməz. Onu da deyim ki, Nəsrəddin Tusi ilə bağlı dövlət səviyyəsində konfranslar, tədbirlər keçirilir, böyük işlər görülür.
- Hal-hazırda Ordubadda ümumi vəziyyət necədir?
- Ordubadda dövlət, hakimiyyət var və rayonda dövlət iş yerləri açır. Bizdə öz xəttimizlə dövlətə dəstək vermək, iş yerləri açmaq niyyətində idik. Bir müddət əvvəl eşitdim ki, Ordubadda çayxanaları, mağazaları bağlayırlar. Açığını bildirim ki, bundan çox narahat oldum. Çünki bu mağazalar və çayxanalar həm də iş yerləridir. Sonra mənə müfəssəl məlumat verildi və gördüm ki, düz edib çayxanaları bağlayıblar. Ordubadda su, bərəkətli torpaq var. İndi Ordubada gedəndə nə yerli pomidor, nə xiyar, nə də ərik tapmaq çətin olur. İnsanlar dolları İrana aparırlar və oradan əsasən xiyar, pomidor, göyərti, kartof, kələm gətirirlər. Hökumətdə deyir ki, çayxanada oturub nərd oynayınca, beli götürün həyətində təsərrüfat ilə məşğul olun. Pomidor, xiyar, kortof, soğan ək və dolan. Həm də maliyyə özündə qalsın. Onu da deyim ki, dəmiryol nəqliyyatı omadığından orada işsizlik problemi də olacaq. Orada yoldaşlar var və kiçik konserv müəssisəsi açıblar. İstehsal olunan məhsulu satmaq üçün bazar yoxdur. Çünki nəqliyyat baha başa gəlir. Orada istehsal olunan məhsul Bakıda satıla bilmir. Çünki yolxərci çoxdur. Hava nəqliyyatı da dünyada ən bahalı nəqliyyatdır. Ancaq dəmiryol nəqliyyatı işləsəydi, bu başqa cür olardı
.
- Siz, eləcədə cəmiyyətin İdarə Heyətinin üzvləri əsasən Bakıda yaşayırlar. Bəs Ordubadla mütəmadi əlaqələr, münasibətlər saxlaya, orada baş verənlərlə tanış ola bilirsinizmi?
- Cəmiyyətin İdarə Heyətinin iki üzvü Ordubadda yaşayır. Bunlar rayonun baş həkimi Hacıağa həkimdir. Biz onlarla daima əlaqə saxlayırıq. Bu dəfə Novruz Bayramında yaxşı telekörpü alındı. Biz onlara, onlarda bizə xonça göndərdilər. Yəni Ordubadın qədim adət-ənənələrini saxlayırıq, əlaqələrimiz var. Ordubad nadir yerdir, Azərbaycanın incisidir. Sizə, bir fakt deyim. 1949-cu ildə respublikamızda 12 akademik olub. Onun beşi Naxçıvanlı, beşinin dördü isə Ordubadlı olub. Belə baxanda, adam sayına hesablasaq hər 100 nəfərə düşən elmlər namizədinə görə, Ordubad Azərbaycan üzrə birinci yerdədir. Demək istəyirəm ki, Ordubadın elmi potensialı yüksəkdir. Biz bu məkan üçün əlimizdən gələni etməli, heç nəyi əsirgəməməliyik.
...